Şamaxıda magistral yolun bir hissəsi çöküb

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, torpaq sürüşməsi zamanı yolun asfalt qatının bir zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

 

Yolda sürüşmə ərazisinin uzunluğu təxminən 40-45 sm,  çatların dərinliyi isə 30-40, hətta bəzi yerlərdə 60 sm-ə çatır.

 

Torpaq sürüşmələrinin daha çox qeydə alındığı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsindən yük avtomobillərin hərəkəti qadağan edilsə də, buna əməl olunmur. Ağsu aşırımında indiyədək 10-a yaxın yerdə sürüşmə zonası qeydə alınıb. Hazırda dolaylarda iri və xırda çatlar mövcuddur və mütəmadi olaraq yolda bərpa işləri görüldüyü üçün avtomobillərin hərəkəti təmin edilir. Ağsu aşırımında yalnız minik avtomobilləri üçün hərəkətə icazə verilsə də, yük avtomobilləri də mütəmadi olaraq bu yoldan istifadə edirlər. Hər il qış aylarında yağıntılardan sonra yolda sürüşmə aktivliyi hiss olunur. Şamaxının Şərədil kəndi ərazisindən keçən yoldakı sürüşmə zonası Ağsu aşırımının başlanğıcı hesab olunur. Bu ərazidə ilk dəfədir ki, sürüşmə baş verib.

 

Kəndin yaşlı sakinləri deyir ki, bu ərazidə torpaq sürüşməsinin ilk dəfə şahidi olurlar. Ərazidə heç vaxt belə hal qeyd alınmayıb.

 

“Azəryolservis” ASC-dən APA TV-yə bildiriblər ki, yaxın günlərdə sözü gedən ərazidə bərpa işlərinə başlanılacaq.

Müəllif | Apa.Tv
Elvin Yaqubov