Yaşayış evində baş verən partlayışda DYP əməkdaşı xəsarət alıb
Ötən axşam Qubada yaşayış evində partlayış baş verib. Hadisə Quba şəhəri, M. Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi xəbərə görə, partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi də oktyabrın 1-də Qubada yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, yanğınla nəticələnən partlayış Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzildə 2 ədəd pəncərə çərçivələri yerindən çıxaraq həyətə düşüb. Mənzilin yataq otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.