Bakıda "Formula 1" marşalları üçün təlim keçirilir

Atletlər Kəndində yenicə açılmış Marşallar Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlim keçirilir. APA TV-nin məlumatına görə, iki gün davam edəcək  təlimdə "Formula 1" Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80 -ə yaxın rəhbər marşal iştirak edib. Marşallar heyətində "Formula 1" azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri təmsil olunurlar. Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, surətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri  mövzularda nəzəri və praktiki məlumatlar verilib.

 

Bakı Şəhər Halqası Əməliyyat Departamentinin müdiri Çingiz Mehdiyev bildirib ki, bu təlim proqramından sonra onlar beynəlxalq sertifikat alacaqlar: "Bu beynəlxalq sertifikat onlara haqq verir ki, gələcəkdə beynəlxalq marşal lisenziyası alsınlar. Həmin beynəlxalq marşal lisenziyasından həm bizdə Bakı yarışı zamanı iştirak edəcəklər".

 

Bəhreyn Beynəlxalq Halqasının rəhbəri Salman Alkhalifa təlimə olan marağı yüksək qiymətləndirib: "Bakıda olan Marşalların bu təlimə olan maraqları və istəklərini yüksək səviyyədə qiymətləndirir və hesab edirik ki, Bəhreyn komandası öz təcrübəsi ilə Bakıda olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin  təcrübəsi ilə bərabər ümumilikdə yaxşı, uğurlu bir yarış təşkil edə biləcək".

 

Qeyd edək ki, Marşal proqramına müraciət edənlərin seçimi ilə əlaqədar müsahibə və təlim sessiyları Atletlər Kəndində Marşallar Mərkəzində keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv