Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Təlim-Tədris Mərkəzində gənc sərhədçilərin hərbi andiçmə mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən mərasim hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general - leytenant Azad Ələkbərova raportu ilə başlayıb. A.Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Azərbaycanın Dövlət Himni oxunub və nizamla düzülən gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Daha sonra hərbi hissə komandiri hərbi and içmələri münasibətilə gənc sərhədçiləri DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin adından təbrik edib. Hərbi hissə komandiri çıxışında Azərbaycanda sərhəd qoşunlarının yaranma tarixindən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında, qaçaqmalçılığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sərhədçilərin əvəzsiz xidmətindən söz açaraq, gənc əsgərlərə sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.
Tədbir gənc sərhədçilərin hərbi marşın sədaları altında nizamlı addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.
Müxbir Ağəddin Babayev
Operator Rövşən Əzimov