Təhsil naziri müəllimlər günü ilə bağlı pul yığılmasına münasibət bildirdi
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu qaydalarındakı dəyişikliklər bu prosesin normal çərçivəyə salınmasına xidmət edir. Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, bu qaydalar valideynlərin maraqlarına xidmət edir.
Nazir dərs ilinin sentyabrın 15-dən yox, vaxtilə olduğu kimi sentyabrın 1-dən başlanması ehtimalından da danışıb. Mikayıl Cabbarov bildirib ki, hazırda Təhsil Nazirliyi bu məsələni araşdırır.
Ən nəhayət, son günlər mətbuatda və sosial şəbəkələrdə 5 oktyabr Müəllimlər günü ilə bağlı ayrı-ayrı təhsil müəssisələrində valideynlərdən pul yığılması ilə bağlı məlumatlar yayılır. Mikayıl Cabbarovun sözlərinə görə, təhsil müəssisələrində neqativ hallarla mübarizə konkret günlərlə yox, kompleks şəkildə aparılır.
Müəllimlərin əməkhaqqı məsələsinə toxunan Mikayıl Cabbarov deyib ki, əməkhaqlarının defferensiallaşmış formada ödənilməsi imkanları ilə bağlı Təhsil Nazirliyinin araşdırmaları davam edir.