İŞİD Palmirada möhkəmlənir: Antik şəhərdə nələr baş verir?
Suriyada atəşkəs rejiminin qüvvədə olmasına rəğmən qədim Palmiranın ətrafında heç nə dəyişməyib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ərazidə döyüş əməliyyatları davam edir.
Hökumət qüvvələrinə İŞİD-in atəşkəs razılaşmasına qoşulmayan terrorçuları müqavimət göstərir. İŞİD döyüşçüləri ötən ilin may ayında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Palmiranı zəbt edərək, Suriya ordusunun artıq 3 ildir ki, blokada şəraitində olan Deyr əz-Zor əyalətinə girişinin qarşısının alınmasında bu şəhərdən blok-post kimi istifadə edir. Bu ərazidən keçən Homs-Palmira yolu iki boğaz arasında yerləşən dar dəhlizdən ibarətdir. Sözügedən magistral yolda təhlükəsizlik blok-postlarda keşik çəkən hərbçilər tərəfindən təmin edilir.
İŞİD-in hücumlarına çevik reaksiya verilməsi üçün məntəqələr bir-birinə kifayət qədər yaxın məsafədə yerləşir. Hökumət qüvvələrinin Palmira ərazisinə yaxın mövqeyi boğaz ərazisində ucaldılmış qədim istehkam qalasıdır. İŞİD silahlıları qaladan Suriya ordusunun addımlarının izlənilməsi üçün istifadə edirlər. Terrorçular minaatanlardan atəş açır. Uzaqdan zəif eşidilən atəş səsləri gəlir. Minalar döyüş mövqelərindən yüz metr aralıda partlayır. Döyüşçülər terrorçuların kifayət qədər peşəkar bir şəkildə hərəkət etdiklərini bildirir.
İŞİD-çilər ərazinin relyefi, yüksəkliklərindən məharətlə istifadə edərək, artilleriya hücumlarından müdafiə olunmaq üçün yeni istehkam mövqeləri inşa edir. Mövqelərə silah-sursat xüsusi avtomobillərlə çatdırılır. İŞİD silahlılarının əlində yalnız atıcı silahlar deyil, artilleriya və tank əleyhinə idarəolunan qurğular mövcuddur. Hərbçilərin sözlərinə görə, bu ərazidə Şimali Qafqazdan döyüşçülər görünməyə başlayıb. Onlar kifayət qədər aqressivliyi və qətiyyəti ilə seçilirlər. Bu döyüşçülər silahla ustalıqla davranmağı bacarır və hətta raket atəşi altında belə geri çəkilmirlər.
Terrorçuların yaxınlaşıb atəş aça bilməməsi üçün Suriya ordusunun 64-cü alayının əsgərləri terrorçuların mövqelərini planlı şəkildə atəş altında saxlayır. Zabitlər davamlı olaraq müşahidəçilər tərəfindən terrorçuların mövqe koordinatları barəsində məlumat alır, məhz bundan sonra onlara atəş açmağa başlayırlar. Bununla belə, terrorçulara əhəmiyyətli zərbənin endirilməsi üçün silah-sursat çatışmazlığı hələ də qalmaqdadır.
Müxtəlif məlumatlara görə, hazırda Palmira ərazisində 5000-dən 7500-dək İŞİD döyüşçüsü var. Oxşar vəziyyət hökumət qüvvələrinin hərbi əməliyyatları davam etdirdiyi Rakka əyalətində də yaşanır. Palmirada olduğu kimi, burada da atəşkəs anlaşmasına qoşulmayan terrorçular hərəkət edir. Suriya ordusunun və müqavimət hərəkatının döyüşçüləri də düşmən üzərində mütləq üstünlüyün əldə olunması üçün canlı qüvvənin kifayət etmədiyi qənaətindədirlər. Bu fərqin aradan qaldırılması üçün digər qruplaşmalarla mübarizəyə cəlb edilmiş döyüşçülər də İŞİD, "əl-Qaidə" və "ən-Nüsra Cəbhəsi" qruplaşmaları tərəfindən ələ keçirilən mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək.