Şamaxıda tələbə qız dəm qazından zəhərlənərək öldü
İsmayıllı rayon sakini Şamaxıda kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Həzi Aslanov küçəsindəki 18 saylı evdə qeydə alınıb.
Həmin mənzildə kirayə yaşayan İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini, 1994-cü il təvəllüdlü Aygün Yunis qızı Mikayılova hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənərək dünyasını dəyişib. 22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.
Dünyasını dəyişən Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub. Hadisənin ilk şahidi onunla bir otaqla kirayə qalan və tələbə yoldaşı olan qız olub. O, dərhal ev sahibinə məlumat verib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.