Bakıda avtobus iki məktəbli qardaşı vurdu, biri öldü

Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.

 

Şahidlərin APA TV-yə verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

 

3 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusunun törətdiyi qəzada yüngül xəsarət alan 7 yaşlı Nicat Cəfərzadə xəstəxanadan evə buraxılıb. N.Cəfərzadə və hadisə zamanı dünyasını dəyişmiş 14 yaşlı digər məktəbli qardaş imişlər. Sabunçu rayon Polis İdarəsindən  verilən məlumata görə, ölən məktəbli Cəfərzadə Ələm Kərəm oğludur.

 

Hadisəni törətmiş sürücü, 1984-cü il təvəllüdlü Bəxtiyar Nəsrəddin oğlu Zodanov saxlanılıb. Hadisə ilə bağlı istintaq aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv