Azərbaycan prezidenti: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edib.
İclasda həmçinin “Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak edirlər.
İclasda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, ötən ilki toplantıdan sonra layihə iştirakçıları arasında əlaqələndirmə işləri yüksək səviyyədə, uğurla aparılıb. Bu toplantıda ötən illər ərzində görülən işlər yekun vurulacaq, qarşıda duran işlərə baxılacaq.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə TANAP kəmərinin təməli qoyulub: “Bu layihə Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi layihəsi barədə danışdıqda biz anlayırıq ki, bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resurslarının şaxələndirilməsi istənilən ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii resursları olan ölkələr enerji baxımından təhlükəsiz vəziyyətdədir. Çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda bu ölkələrin bazarlara ehtiyacı var. Hasilatçılara qanunvericiliklə tənzimlənən uzun perspektivli bazarlar lazımdır. Biz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr, eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Hesab edirəm ki, gələn 2-3 il ərzində planlarımızın uğurla həyata keçirilməsi bu layihənin gələcək üçün çox yaxşı potensialı olduğunu göstərəcək”.
Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin icrası fəal mərhələdədir. O, TAP layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib: “Cənub Qaz Dəhlizi XXI əsrin tarixi layihəsidir. Layihənin reallaşmasına töhfə verən ölkələrin hökumətlərinə minnətdarlıq edirəm”.
Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.
Dövlət başçısı bildirib ki, enerji siyasəti bu gün dünyanın təhlükəsizliyində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur: “Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Ölkəmiz hər zaman bazar iqtisadiyyatı prinsiplərini inkişaf etdirir. Bir məqamı da vurğulamaq istəyirəm. Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan layihə üzvləri arasında güclü əməkdaşlıq qurub və bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrində də uğurlu əməkdaşlığa imkan yaradacaq: “Enerji əməkdaşlığı Avropa İttifaqı ilə əlaqələrimizdə mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin icrası zamanı yubanmalara yol verilməməsi vacibdir. Maneələri dəf etmək üçün bütün hökumətlər səylərini birləşdirməlidir”.