Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd edib.
Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. Dövlət başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
A.Hokstayn isə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə edib. Ötən ilki iclasın səmərəli keçdiyini vurğulayan A.Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd edib. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğulayıb.