Rusiya Suriyada atəşkəsi pozması haqda ittihamlara cavab verdi
Kreml Səudiyyə Ərəbistanı tərəfindən yönələn atəşkəs razılaşmasının Rusiya tərəfindən pozulması istiqamətindəki ittihamlara cavab verib.
APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, prezidentin mətbuat katibi Dmitri Peskov bildrib ki, atəşkəs rejiminin pozulması istiqamətində bəyanatlara kifayət qədər ehtiyatla yanaşılmalıdır: "Moskva Suriyada atəşkəs anlaşmasının pozulması istiqamətində yönələn ittihamlara maksimum ehtiyatla yanaşmağa çağırır. Orada hələ dayanıqlı sabitlik əldə olunmayıb. Belə olan halda isə atəşkəsə əməl olunması ilə bağlı çağırışlar edilməlidir".
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr rəsmi Moskvanı və Suriya hökumətini ölkədə atəşkəs razılaşmasını pozmaqda ittiham edib. O, bildirib ki, əgər Suriya hökuməti və onun müttəfiqləri atəşkəs rejiminə əməl etməsə, bu zaman prezident Bəşər Əsədin dinc yolla istefaya getməsini nəzərdə tutan alternativ hərəkət planı işə düşəcək.
"Mən hesab edirəm ki, atəşkəs rejiminə əməl olunması Bəşər Əsədin istefası da daxil olmaqla, məsələnin dinc yolla həll olunmasına nə qədər ciddi yanaşılmasının əsas göstəricisi olacaq", - deyə, əl-Cübeyr bildirib.
Səudiyyəli nazirin açıqlamalarına rəsmi Moskvanın cavabı gecikməyib. Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov bu bəyanatın BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul olunan qətnamələrinə zidd olduğunu açıqlayıb. O bildirib ki, sözügedən qətnamələr ABŞ, Rusiya və Türkiyənin də iştirak etdiyi Vyana formatı çərçivəsində qəbul edilib. O, Suriya razılaşmalarına alternativ variant olmadığını, bütün tərəfdaşların Rusiya və ABŞ arasında əldə olunan razılaşmalara əməl etməli olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, Suriyada atəşkəsin əldə olunması barəsində razılıq fevralın 22-də Rusiya və Birləşmiş Ştatlar arasında əldə olunub. Fevralın 27-də qüvəyə minən bu razılaşma Rusiya Hərbi Kosmik və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hava zərbələrinin endirilməsini və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Aviazərbələr istisna olaraq yalnız "ən-Nüsra Cəbhəsi" və BMT tərəfindən terror təşkilatları kimi tanınmış qruplaşmaların mövqelərinə endirilməkdə davam edəcək.