Doğum gününü 4 ildən bir qeyd edənlər - REPORTAJ
Hal-hazırda biz Fəvvarələr Meydanındayıq. Əlimizdə hədiyyəmiz Vasifi təbrik etməyə gəlmişik. Bir azdan biləcəksiniz ki, biz Vasifə niyə hədiyyə almışıq və onu niyə təbrik edirik.
Bu gün gənc rəssam Vasif Səftərovun 28 yaşı tamam olur. O, 1988-ci ilin fevralında anadan olub. Müsahibimiz digərlərindən ona görə fərqlənir ki, onun doğum tarixi 29 fevrala təsadüf edib. Yəni o, 4 ildən bir qeyd edir bu günü. Vasifi təsadüfən tapdıq. Bu günün onun üçün nə dərəcədə önəmli olduğunu və ümumiyyətlə, bu günü necə qeyd etdiyini bilmək istədik. Vasif üçün bu gözlənilməz olduğundan, bir az həyəcanlı idi. Yəqin ki, 4 ildən bir qeyd etdiyi doğum günündə belə bir sürprizin ediləcəyi onun üçün gözlənilməz idi: "4 ildən bir ad günü qeyd etmək bir az qeyri-adidir. 4 ildən bir ad günü qeyd etmək xoşuma gəlir. Fərqlilik yaradır məndə. Xarakterimə də bir az təsir edib, deyəsən. Qeyri-adi hiss edirəm özümü. Fərqli düşünürəm. Yəqin elə həmin o 4 ilin təsiridir. Həyatıma da belə yansıyıb. Bir az kreativ adamam. Rəssamlıqdan da irəli gəlir yəqin ki, bu. Düşüncələrimi ifadə edə bilməyəcək qədər daxilimdə bir fərqlilik hiss edirəm".
Vasifin sözlərinə görə, hər il doğum gününü qeyd edən başqalarına qarşı paxıllıq hissi keçirmir. Əksinə, 4 ildən bir ad gününü qeyd etməyi daha çox sevir: "Keçən dəfəki ad günüm sərgi ərəfəsində olmuşdu. Onda Türkiyədə idik, İzmirdə. Sərgi mühitində oldu. Orada yer tutdum, mükafatlandırıldım. Ən azı sərgi qədər təntənəli keçirdim".
Müsahibimiz deyir ki, ad gününü dostlarının təkidi ilə ya fevralın 28-də, ya da martın 1-də qeyd edir: "Amma mən 4 ildən bir elə öz vaxtında keçirməyə üstünlük verirəm. Bu doğum günümü iş yoldaşlarımla birlikdə qeyd edəcəyəm. Sadə bir şəkildə qeyd edəcəyəm".
Vasif Səftərovun sözlərinə görə, incəsənətə meylli adamlar daxilən çılğın olur: "Tarixlə baxanda 6 yaşım tamam olur. İncəsənətə meylli olan adamlar daxilən həm çılğın olurlar, həm bir az uşaq kimi olurlar. Mən 28 yaşa görə düşünmürəm. Bəzən olur ki, 90 yaşında insanın düşündüyünü düşünürəm. Bəzən olur ki, 60 yaş, bəzən də olur ki, 5 yaşındakı uşaq kimiyəm".
Söhbətimizi yavaş-yavaş yekunlaşdırıb özünə və bu gün doğum gününü qeyd edənlərə arzularını soruşuruq: "Özümə hamıya arzuladığım kimi, cansağlığı, ən əsası da sənətimdə uğurlar arzulayıram. Mən 29 fevralda doğum günü olan hər kəsi təbrik edirəm. Yaradıcılıqla məşğul olan hər kəsə uğurlar arzulayıram. 4 ildən bir olmağın bir xeyri var. Amma mənim də şüuraltı nəzərimdən qaçmır ki, niyə 4 ildən bir? Bu bir az məni çaşdırır. Amma buradan həmin insanlara demək istəyirəm ki, narahat olmasınlar, bu özünü nə vaxtsa göstərəcək. Yəni hamı kimi deyilsiniz".
Mövzu ilə bağlı paytaxt sakinləri arasında da sorğu keçirdik və təsadüfən bu gün doğum gününü qeyd edən bir gənclə qarşılaşdıq: "29-u elə 4 ildən bir keçirdirəm ad günümü. Axşam da dostlarla bir qeyd edəcəyik ad gününü. 4 ildən bir keçirdəndə necə olar? Adam elə bir yenidən anadan olur. Bəziləri istəmir, mənim sinif yoldaşım da var. O da 29-dur, amma onun xoşuna gəlmir. Deyir, uşaqlar keçirdir, məndə 4 ildən bir. Amma mənim xoşuma gəlir".
- Belə bir qohumumuz var idi. Deyirdi ki, 29-da ad günümdür. Deyirdik 4 ildən bir qeyd edirsən, deyirdi yox, 28-i qeyd edirəm. Gülürdü həmişə. Mən uşaq idim, anamdan soruşurdum ki, indi bunun yaşı 4 ildən bir gəlir bir birinin üstünə.
- Sinif yoldaşım 4 ildən bir ad gününü qeyd edir. Fərqli bir şeydir də, hamıda olmayan bir şeydir. O da yaxşı qeyd edirdi 4 ili bir arada.
- Məncə, bu pis il sayılır. Mənim bildiyimə görə, camaata ancaq bədlik gətirir. Ehtiyatlı olmaq lazımdır.
-28-i var xalamın ad günü. Mən xalamdan soruşmuşdum ki, bəlkə 29-dur, deyir yox, çox istərdim, amma 28-dir. İstəmir ki, ad gününü keçirsin. Hər il olsa yaxşıdır. Onsuz da bir ildən bir gələndə adam gözləyir. 4 il kimdir gözləyən?
29 fevralda dünyaya gələn tanınmışlara gəlincə, görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, Türkiyənin tanınmış müğənnisi Erol Büyükburç, fransız ifaçı Khaled, fransız aktrisa Mişel Morqan, italyan bəstəkarı Antonio Rossini, rus xizək ustası Raisa Smetaninanın doğum günləri məhz 4 ildən bir qeyd olunur.