Bahar Muradova Türkiyəni müdafiə etdi: “Sərhəd məsələsini alver predmetinə çevirmək olmaz”

Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana  şəhərində səfərdə olublar. APA TV-nin məlumatına görə, sessiyada daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənib, maliyyə hesabatı dinlənilib,  cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunub.

 

İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinlənilib. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiya çərçivəsində bütün iclaslarda fəal iştirak edib, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirib.

 

Nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Bahar Muradova çıxışında Türkiyə Suriya münasibətlərinə də toxunub: "Əgər bizim türk həmkarlarımız burada olsaydılar onlar mütləq deyərdilər ki,  sərhəd məsələlərini alver predmetinə çevirmək olmaz. Bir halda ki, o sərhədləri  siz özünüz də tanımırsınız. O zaman o sərhədləri açmaq  necə mümkün olar? Türkiyə nümayəndə heyətinin burada işitrak etməməsindən istifadə edərək bu ölkənin ünvanına nəsə söyləmək yersizdir. Türkiyə ATƏT-in tamhüquqlu üzvü kimi bilavasitə Suriya ilə həmsərhəddir və bu münaqişədə hamıdan çox zərər çəkən ölkədir. Türkiyənin məlum  hadisələrdən dolayı yaranmış qaçqın problemlərinin həllinə verdiyi töhfə təqdirə layiqdir”.

 

Bahar Muradova bildirib ki, bu ölkənin özü son zamanlar Suriya ərazisindən baş qaldırmış terrorla üz-üzədir: “Ona görə də Türkiyəni  terroru dəstəkləməkdə  ittiham etmək absurddur. Terrorla mübarizə kollektiv şəkildə ikili standartlardan uzaq formada aparılmalıdır. Bütün terrorçu təşkilatlara qarşı münasibət eyni dərəcədə birmənalı olmalıdır. Bununla əlaqədar təkrar edirəm, bu mənada terrordan  digər ölkələrə nisbətən daha çox əziyyət çəkən Türkiyənin terrorla mübarizədə  əhəmiyyətini şübhə altına almaq düzgün deyil.  Bütün həmkarlarımı terrorizim mövzusunu öz məqsədləri üçün istifadə etməməyə, terorla mübarizəyə daha çox töhfə verməyə və fəal olmağa çağırıram".

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv