Tovuzda quldurluqla məşğul olan iki nəfər həbs olundu

Tovuz rayonunda 6 ay əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin sentyabr ayında rayonun Alakol kənd sakini İsaq İsayevin evinə girərək oradan qızıl sırğa və pulu quldurluq yolu ilə ələ keçirən iki nəfər - Alakol kənd sakini, 1969-cu il təvəllüdlü Rizvan Ələsgərov və 1986-cı il təvəllüdlü Şirvan rayon sakini Natiq Hüseynov saxlanılıb.  Onlar ev sahibini və onun qızlarını hədələyərək pul və qızıl-zinət əşyalarını tələb ediblər. Qiymətli əşyaların yerini öyrənməyə çalışan quldurlar İsaq İsayevi  boğaz və çiyin nahiyəsindən yaralayıblar. Saxlanılan şəxslər evdə külli miqdarda pul olduğunu zənn etsələr də, apardıqları yalnız bir cüt qızıl sırğa və 47 manat pul olub.

Hadisəni törədənlər - Rizvan Ələsgərov və Natiq Hüseynov Bakıda işləyən zaman tanış olublar. Dostlar bıçaq və maska alaraq Rizvanın Qaz İstismar Sahəsində çalışan həmkəndlisinin evinə basqın etmək üçün kəndə gəliblər. Evə daxil olan şəxslər İsaq İsayevin əl-ayağını bağlayıb qənimətləri götürdükdən sonra yaşayış evinin qapılarını kilidləyərək aradan çıxıblar.

Saxlanılan şəxslərin başqa cinayətlərdə iştiraklarının olub-olmadığı araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli