Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev ilə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini arasında geniş tərkibdə görüş olub.
Dövlət başçısı xanım Federika Moqerininin ölkəmizə səfərinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın vacib məsələlərini nəzərdən keçirmək üçün yaxşı fürsət yaratdığını bildirib. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vacib mərhələdə olduğunu vurğulayan prezident İlham Əliyev əməkdaşlığımızın gələcək planlarının müəyyənləşdirilməsində önəmini qeyd edib. Əlaqələrimizi genişləndirmək, tərəfdaşlığımızın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən prezident İlham Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu da bildirib. Ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan dövlət başçısı bu yaxınlarda Münhendə Avropa Komissiyasının qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Hanla əməkdaşlığımızın gələcək planları ilə bağlı apardığı müzakirələrin önəmini də qeyd edib. Dövlət başçısı Azərbaycanla Avropa İttifaqı arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini bunu Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, təmsil etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq, bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd edib. Ölkəmizin mürəkkəb regionda yerləşdiyini deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı hər iki tərəfin maraqlarını təmin edəcək strateji səviyyəyə qaldırmağın vacibliyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, əməkdaşlığımızla bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra görüş təkbətək davam etdirilib.