“Erməni lobbisinin biabırçı fiaskosu”
Erməni lobbisi tərəfindən ötən həftə Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat 200-dən çox müxtəlif ABŞ KİV-ində dərc olunub. Bunların sırasında “Reuters” xəbər agentliyini və “YahooNews” xəbər portalını, “BusinessWeek” jurnalını, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Los Angeles Daily News”, “Kansas City Star” və “Pasadena Star-News” qəzetlərini xüsusilə qeyd etmək lazımdır.
APA-nın xəbərinə görə, Baş Konsulluğun “Erməni lobbisinin biabırçı fiaskosu” başlıqlı bəyanatında bildirilir:
“Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclandı. Azərbaycan dəfələrlə bəyan edib ki, 20 ildən artıq Ermənistanın qanunsuz hərbi işğalı altında olan Dağlıq Qarabağ və ətraf 7 rayona Azərbaycan hökumətinin müvafiq icazəsi olmadan edilən istənilən səfər qanunazidd xarakter daşıyır. Bundan başqa, ABŞ Dövlət Departamenti də ABŞ vətəndaşlarını işğal altında olan ərazilərə səfərlərdən yayınmağa çağırır. Lakin yüzlərlə telefon zəngi, görüşlər, eləcə də Kaliforniya rəsmilərinə göndərilmiş e-maillərə baxmayaraq, erməni lobbisi yalnız 3 qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilib. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş edib. Nümayəndə heyətinin 80%-i ermənilərdən ibarət olub".
Sənəddə deyilir ki, erməni lobbisi Azərbaycan haqda ABŞ-da yalanlar yaymaqda davam edir. Ancaq erməni lobbisinin bu son fiaskosu Amerika ictimaiyyətində Azərbaycan və onun ədalət uğrunda yorulmaz mübarizəsi barədə artmaqda olan məlumatlılığın növbəti bariz nümunəsidir.