Leyla Əliyeva: “Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir”
Moskvada Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) tərəfindən təşkil edilən tədbirə Rusiya ictimaiyyəti tərəfindən böyük maraq olub.
Tədbir çərçivəsində azərbaycanlı və rusiyalı rəssamların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi də təşkil olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 24 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: “Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrimiz məhv edilir. Bu ərazini Azərbaycan mədəniyyəti ilə bağlayan hər şey silinir".
Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib: "2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına başladıq. Bizim məqsədimiz dünya ictimaiyyətinin nəzərinə bu faciə haqqında həqiqətləri çatdırmaqdır. Belə faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu gün “Xocalıya ədalət” beynəlxalq kampaniyasını 115 təşkilat, 120 mindən çox insan dəstəkləyir. Hesab edirəm ki, vaxt keçdikcə, bu insanların sayı daha da artacaq, daha çox ölkələr bu soyqırımı tanıyacaqlar. Dünyada belə qəddar cinayət və zorakılığa yer olmamalıdır. Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etdiyini söyləyib. Səfir dünyanın Xocalı faciəsinə laqeyd qaldığını bildirib.
Tədbirdə çıxış edən Rusiya Yazıçılar Birliyinin üzvü, tanınmış alim Yuri Pompeyev bildirib ki, 366-cı alayın Xocalı faciəsində də iştirak etməsinin Rusiya adına utancverici olduğunu qeyd edib.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə çıxışında KİV-də “Xocalı dərsi” adlı açıq məktub yaydığını bildirib. O, Xocalı kimi faciələrin unudulmasının yeni fəlakətlərə və daha qorxunc faciələrə gətirib çıxaracağını qeyd edib.