Azərbaycanda İnsan Kapitalı İndeksi reytinqində 64-cü yerdədir
Azərbaycan Ümumdünya İqtisadi Forumunun İnsan Kapitalı İndeksi üzrə ilk reytinqində 64-cü yeri tutub. 122 ölkənin yer aldığı reytinqdə bu indeks təhsil, səhiyyə, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanlarını qiymətləndirir.
APA TV-nin xəbərinə görə, ilk üçlükdə İsveçrə, Finlandiya və Sinqapur qərarlaşıb. İlk onluqda isə Şimali Avropanın 7 ölkəsindən 6-sı, o cümlədən Almaniya 6-cı yerdə, Böyük Britaniya 8-ci yerdə qərarlaşıb.
Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutub. Ümumdünya İqtisadi Forumunun məruzəsində Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdədir. Ölkəmizin ən zəif göstəricisi isə uzunömürlülük və uşaq ölümünün səviyyəsində özünü göstərib – 94-cü yer.
Sıralamada qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 73-cü, Rusiya 51-ci, Türkiyə 60-cı, İran 94-cü yerdə qərarlaşıb.