İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat keçirib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, fevralın 25-də saat 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

 

İran İslam Respublikası istiqamətində hərəkət edən iki nəfər sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, havanın qaranlıq olmasından istifadə etməklə geriyə qaçmağa müvəffəq olublar.

 

Sərhəd pozucularının hərəkət marşrutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə olan 4 kq 400 qram kakos və 2 kq tiryək aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.   

Müəllif | Apa.Tv
Apa.tv