“Gəncə, Tovuz, Qazax, maşın çıxır, iki yer qalıb” - “Xalturşik bazarı”ndan REPORTAJ

Bura paytaxtın “20 Yanvar” dairəsidir. Azərbaycanın əksər rayonlarına gedən əhali taksi xidmətindən daha ucuz istifadə etmək məqsədilə bura axışır. İndi sürücülər müştəri qıtlığından şikayət edir. Həmsöhbətimiz olan sürücülər ötən qışla müqayisədə qiymətdə ciddi dəyişik olmadığını deyirlər.

 

Yolçuluğunun Sabirabada olduğunu deyən ilk qarşılaşdığımız sürücü deyir ki, uzun illərdir Bakı-Sabirabad marşrutu üzrə taksi fəaliyyəti ilə məşğuldur: "Bir nəfəri 6-8 manata arası qiymətə aparıram. Yoxdur müştəri. Əvvəllər müştəri var idi, 8 manata aparırdıq, indi 6 manata da aparsaq, müştəri yoxdur".

 

“Saatlıya işləyirəm, bir nəfər 10 manat. Əvvəl 8 manat idi. İndi hər şey bahadır, maşının ehtiyat hissələri belə çox bahadır. Təxminən altı aydır ki, müştəri yoxdur. Demək olar ki, işləmirik. Günlərlə burda dayanırıq. Rayondan da Bakıya gələn yoxdur”.

 

“İmişliyə işləyirəm. Bir nəfər 10 manat. Qiyməti qaldırmamışıq. Amma maşınların ehtiyat hissələri çox bahadır. Sərnişinlər isə bayramqabağı qiymət bahalığından şikayət edirlər. Xeyr, inanın, heç kim qiymət artırmır. Kimsə ailəsi ilə gedəndə ola bilər ki, 1-2 manat artıq versin, onu da özləri verir”.

 

Ölkənin cənub zonasına işləyən taksilərin xidmət qiymətində isə fərq var: "Bir nəfər 5 manat. Əvvəl 8-7 manat arası dəyişirdi, indi isə 5 manat. Qiyməti özümüz tənzimləyirik. İnsanlarda pul yoxdur. Nə gələn var, nə gedən. Bayram qabağı qiymətlərə gəlincə, nə qədər qiymət artırsaq da, 5 manatdan artıq pul verən olmur. Nəhayət ki, 4 nəfəri 20 manata aparırıq".

 

Paytaxtın "Şamaxinka" adlan ərazisinə də baş çəkdik. Burdan əsasən taksilər Quba-Qusar-Xaçmaz bölgəsinə işləyirlər:

 

“Xaçmaz, Xudat, Nabrana gedirik. Qiyməti razılaşma ilə müəyyənləşdiririk. 10 manat deyirik, amma 8, bəzən 7 manata belə aparırıq. Yola görə, maşının ehtiyat hissələrinə görə baha deyil. Əvvəllər maşının təkərini 40-50 manata alırdıq, indi 80-120 manata. 25 manatlıq maşın yağını 50 manata alırıq. Amma buna baxmayaraq, köhnə qiymətlərlə işləyirik. Nə bayramda, nə ondan əvvəl qiyməti dəyişmirik. 3-4 nəfər oldu, gedirik. Amma düz 3 saatdır burdayam, müştəri yoxdur”.

 

“Biz də Xaçmaza işləyirik. Müştəri yoxdur. 5-6 manata aparırıq. Bundan bir neçə ay əvvəl də belə idi, indi də belədir. Birdən görürsən 10 manat da olur”.

 

“İsmayıllıya işləyirəm. Qiymət 6-10 manat arası dəyişir. Vallah, kimi neçəyə tutduq, elə də aparırıq. Bu gün 25-ci gündür ki, Bakıdan çıxmıram. Bir də görürsən on gün dayanmadan iş olur. Amma indi uzun müddətdir ki, müştəri yoxdur. Əvvəlki aylarla müqayisədə çox fərq var. Onda iki-üç gündən bir gedirdik. İndi günlərlə gözləyirik. İnsanların dolanışığı zəifdir. Qiymətlər əvvəl 10 manat idi, indi əksinə, 6 manat İsmayıllıya. Bu baha qiymət deyil”.

 

Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında da vəziyyət eynidir. Azərbaycanın Qərb və Qarabağ zonasına işləyən sürücülər də vəziyyətin ürəkaçan olmadığını deyirlər:

 

“Yevlax-Bərdə-Tərtər. Amma baxır müştəriyə. 10-12-15 manat arası qiymətdir. Olur müştəri. Əvvəlki aylarla müqayisədə azdır. İndi daha çox avtobusla gedib-gəlməyə üstünlük verirlər”.

 

“Mingəçevirə 15 manatdır. Amma 3 gündür burdayam, heç 10 manata aparmağa müştəri tapmıram”.

 

“Bərdə-Yevlax-Tərtər-Ağdam istiqamətində işləyirəm. İnsanların imkanına baxır. Eləsi olur 10 manat, eləsi də olur 12-15 manata aparırıq. Benzinlə işləyir maşınım.  Amma qiymətdə ümumi razılığa gəlirik”.

 

“Şəki-Oğuz 15 manat, amma 10 manata müştəri tapılmır. Əvvəllər 15 manata rahat işləyirdik. İndi iş çox zəifdir. Güzəşt də edirik. 15 deyib 12 manata aparsaq da, olmur”.

 

“Qazax-Gəncə istiqamətinə isə 20 manata işləyirik”.

 

Çəkiş apardığımız ərazilərdə nəqliyyat müfəttişləri ilə yanaşı, yol patrul xidməti müfəttişlərinin də olduğunu müşahidə etdik. Sürücülər onlara rəsmi qurumlar tərəfindən heç bir problem yaradılmadığını, giley-güzəranlarının yalnız müştəri qıtlığından olduğunu bildirirlər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı