Yaponiya ilk dəfə olaraq dövlət istiqrazlarını zərərlə satıb
Yaponiyada ilk dəfə olaraq onillik dövlət istiqrazları zərərlə satılıb. APA TV-nin məlumatına görə, bu o deməkdir ki, istiqraz sahibləri sözügedən qiymətli kağızlara sahib olmaq üçün dövlətə müəyyən miqdarda pul ödəyir.
"The Wall Street Journal"ın yazdığına görə, Yaponiyanın Maliyyə Nazirliyi auksionda onillik dövlət istiqrazları paketini bir istiqraza görə 101,25 yen qiymətinə satıb. İstiqrazlar üzrə gəlirlilik səviyyəsi mənfi 0,024 faiz təşkil edib. Bu, 9 fevral tarixindən sonra Yaponiya hökuməti tərəfindən satılan aşağı gəlirli ilk istiqraz paketidir.
O zaman istənilən hökumət üçün dövlət borclarının vəziyyətini əks etdirən və onillik müddətə buraxılan dövlət istiqrazlarının gəlirlilik dərəcəsi ilk dəfə olaraq mənfi zonaya qədəm qoymuşdu. Qiymətli kağızların bir ədədinin mənfi 0,072 faizlik gəlir dərəcəsi ilə satıldığı bir zamanda, keçirilən auksion zamanı mənfi 0,024 faizlik göstərici qalib olub.
Bu isə o deməkdir ki, on il müddətinə 10000 dollar dəyərində istiqraz alan investor bu istiqrazların qorunması üçün dövlətə hər il əlavə olaraq 7,2 dollar həcminə vəsait ödəməlidir.
Yaponiyada istiqrazların bu qədər dəyərdən düşməsi yanvar ayının sonunda mənfi faiz dərəcəsinin tətbiq edilməsinin ardınca baş verib. Bu arada Yaponiya Bankı özünün "keyfiyyətli tənzimlənmə" siyasətini inkişaf etdirməklə, maliyyə bazarındakı durğunluq və deflyasiya ilə mübarizə aparmağa çalışır. Daha dəqiq, hökumət ya investorlardan qiymətli kağızların alınması, yaxud onların əlində olan istiqrazlara görə faiz tutulması imkanlarını nəzərdən keçirir.
Bu yolla əldə olunmuş vəsaitin isə iqtisadiyyata yönəldilməsi planlaşdırılır.