Lənkəranda Ümumdünya Mülki Müdafiə günü qeyd olundu
Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar Lənkəranda praktiki tədbir keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, müxtəlif təyinatlı xilasetmə avadanlıqları və fərdi mühafizə vasitələri məktəblilərə, şəhər sakinlərinə nümayiş etdirilib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi, Mülki Müdafiə Qoşunlarının şəxsi heyətinin iştirakı ilə şəhər 5 saylı orta məktəbdə keçirilən təlimdən əvvəl çıxış edənlər bu sahədə maarifləndirmə tədbirlərinin çox mühüm olduğunu diqqətə çatdırıblar.
Sonra məktəbdə yanğın siqnalı səsləndirilməklə təlimə start verilib. Təlimata uyğun olaraq şagird və müəllim heyəti təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub. Şagirdlər yanğının söndürülməsi və şərti yaralılara tibbi yardımın göstərilməsi prosesini izləyiblər.
Sonda tədbir iştirakçılarına və şagirdlərə baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda məlumat verilib, həmçinin tətbiq olunan müasir avadanlıqların funksiyaları izah olunub.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə günü - 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması münasibətilə qeyd edilir. Azərbaycan isə bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.