Bakıda iki nəfərdən tapança tapıldı
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Hacıqabul rayon sakini Xəyal Cavadovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
APA TV-nin xəbərinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində X.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Onun üzərinə baxış zamanı sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Xəyalın dediyinə görə, silahı bir müddət əvvəl xatırlamadığı ərazidən tapıb: "Tapmışdım, aparırdım qaytarmağa, tutdular məni".
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri də uğurla nəticələnib. Belə ki, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədov Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində saxlanılıb. Onun rayonun Zığ bağlar massivində yaşadığı evə baxış zamanı sandıqçasında 20 ədəd patron olan “Volk” markalı tapança-pulemyot aşkar olunaraq götürülüb. Xəyaldan fərqli olaraq, o, tapançanı zibillikdən tapdığını xatırlayır: "Zibillikdən tapmışdım, polis əməkdaşları saxladılar. Dedim evimdə silah var, gəlin gedək verim".
Qeyd edilən faktlarla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.