Sürüşmə zonasının sakinləri narahatdır
Tarverdiyevlər ailəsi Zığ yamacında evi təhlükədə olan 78 ailədən biridir. Havalar yağışlı keçdikcə hamı kimi bu ailənin də canına vəlvələ düşür. Adi vaxtlarda sürüşməyə məruz qalan ev, yağışlı havalarda daha çox uçma təhlükəsi ilə üzləşir. Ötən il əsgər oğullarını itirən ailə indi də evsiz qalmaq qorxusu ilə yaşayır.
Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsinin sakinləri APA TV-yə dedilər ki, bir neçə gündür, davam edən sürüşmə prosesi yenidən aktivləşib. Ərazidə sürüşmənin daha böyük fəsadlar yarada biləcəyindən qorxan ailələr mənzillərini tərk edərək, kirayədə yaşamağa başlayıblar.
Divarlarında iri çatılar əmələ gələn evlərin sakinləri evlərinin uçacağı halda övladlarının taleyindən narahatdırlar.
Sürüşmə zonasında bünövrəsi təzə qoyulan evlərin uçmuş divarlarında da rast gəlmək olar.
Ekologiya və təbii sərvətlər nazirliyi vəziyyətin daha da pisləşəcəyini bildirir. Nazirlikdən bildirilib ki, həmin ərazidə kanalizasiya sistemi olmadığından çirkab suları torpağa axıdılır. Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar nazirliyi ilə birlikdə işçi qrupu yaradılıb, yoxlamalar aparılır. Suraxanı rayon İcra hakimiyyətindən bildirilib ki, ərazidə 90-a yaxın ev təhlükədədir. Problemlə bağlı Nazirlər Kabinetinə müraciət olunub. İcra Hakimiyyəti rəsmisi hazırda yuxarı instansiyalardan cavab gözlədiklərini söyləyib. Sakinlərə isə qəzalı vəziyyətdə olan həmin binalarda yaşamamaq məsləhət görülüb.