Qaxda 28 yaşlı gəlin ər evindən qaçıb

Qaxda 28 yaşlı gəlin 4 yaşlı oğlunu tərk edərək ər evindən qaçıb. Gəlinin anası, Qax rayonu Ləkit-Malax kənd sakini Ayşə Məmmədova APA TV-yə bildirib ki, rayonun Çinarlı kəndində yaşayan və hazırda ailəli olan 28 yaşlı qızı Aygün Şahmuradova artıq bir həftədir ki, ər evindən gedib.

 

Ayşə Məmmədovanın sözlərinə görə, Aygün bir həftə öncə qayınatasına onu Qax şəhərində yaşayan bibisigilə aparmağı xahiş edib. Qayınatası onu şəhərə gətirsə də, Aygün qayınatasından ayrıldıqdan sonra bibisigilə deyil, naməlum istiqamətə gedib. Aygün Şahmuradova 2010-cu ildə rayonun Çinarlı kənd sakini ilə ailə həyatı qurub. Hazırda onun 4 yaşında oğlu var. Anasının dediyinə görə, qızının ailədaxili xırda mübahisələrdən başqa böyük bir problemi olmayıb. Bu günə qədər gəlin köçdüyü evdən heç vaxt şikayət etməyib. Onun həyat yoldaşı da normal insan olub, ailəsinə yaxşı baxıb.

Evdən gedərkən mobil telefonu üzərində olub, lakin həmin gündən telefon söndürülüb. Aygün həyat yoldaşına bir dəfə gizli nömrədən zəng edərək "mən yerimə çatmışam" deyə bildirib. Aygünün gözü yaşlı anası qızının evinə qayıtmasını istəyir: "Mənim balam, xahiş edirəm evinə qayıt. Kim qəbul etməsə də, məni səni qəbul edəcəyəm. Mən bilmirəm sən nə təsirə düşmüsən. Heç olmasa zəng elə, de ki, filan yerdəyəm. Gəlib biz səni götürək. Balaca balana yazığın gəlsin. Balan səni axtarır. Qayıt gəl!"

 

Aygünün ərə getdiyi ailə ilə əlaqə saxlamağa çalışsaq da, onlar kamera qarşısında danışmaqdan imtina etdilər. Onlar ananın azyaşlı övladını atıb getməsini həzm edə bilmədiklərini söylədilər.

 

Aygün Şahmuradovanın evdən getməsi barədə Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib. Hazırda polis şöbəsinin əməkdaşları Aygün Şahmuradovanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Müəllif | Apa.Tv
Vüqar Heydərov