Yanukoviç Ukraynaya qayıtmaq istəyir - YENİDƏN SİYASƏTƏ

"Viktor Yanukoviç Ukraynaya geri dönmək istəyir və bunun üçün xüsusi çalışmalara başlanılıb". APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, keçmiş prezidentin vəkili Vitali Serdyukov bu barədə açıqlama verib.


"Yanukoviç səlahiyyətlərindən imtina etməyib və özünü qanuni dövlət başçısı hesab edir. O, özünü Ukraynada baş verən hadisələrdə günahkar saymır və bunu isbat etmək üçün tutarlı faktlara sahibdir", - deyə vəkil əlavə edib.


Eks dövlət başçısının varidatı ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirəcəyi qeyd olunur. Yanukoviç bildirib ki, onun cəmi iki bankda hesabı olub və həmin banklar Ukraynaya aiddir.


Adı çəkilən ölkənin keçmiş baş naziri isə bu açıqlamaların verilməsində tələskənliyə yol verilməsinin düzgün olmadığını deyib. Nikolay Azarov bildirib ki, Viktor Yanukoviç vətəni üçün çox darıxıb və ölkədə baş verənlər onu narahat edir. Məhz bu səbəbdən keçmiş prezidentin Ukraynaya qayıtması üçün onun müdafiəçiləri əllərindən gələni əsirgəməyəcəklərini bildirilirlər.


"Ən vacib məsələ onun təhlükəsizliyidir. Amma indiki Ukraynada buna heç kəs zəmanət vermir. Bu yaxınlarda Ukraynanın  Ali Radasının deputatı Leonid Yemetsin "Yanukoviçi güllələmək lazımdır" çağırışı da bunu təsdiq edir", - deyə müdafiəçilərdən biri qeyd edib.


Xatırladaq ki, Yanukoviçlə bağlı Ukraynada doqquz cinayət işi açılıb. Keçmiş dövlət başçısı kütləvi qətllərdə, dövlət əmlakını talamaqda, başqasının varidatını zorla mənimsəməkdə, cinayətkar qruplaşmaların təşkilində və separatçılıqda ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv