Azərbaycan XİN: Erməni mənşəli yüzlərlə suriyalı ailə Qarabağda məskunlaşdırılıb

Azərbaycan Xarici İşlər Nazirliyi ilk dəfə “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabat hazırlayıb.

 

APA TV-nin xəbərinə görə, bununla bağlı mətbuat konfransı keçirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hesabatda əks olunmuş məlumatlar daha çox açıq erməni mənbələrindən toplanıb və bu məqsədlə 500-dən çox mənbədən istifadə edilib.

 

Onun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir. Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir.

 

H.Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim üçün pul və sikkələrin çapı Xarici İşlər Nazirliyinin diqqətində olan məsələdir. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər həyata keçirən xarici vətəndaşların, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması gündəlikdədir. Respublika Baş Prokurorluğu və digər hüquq-mühafizə orqanları ilə birgə müvafiq işlər aparılır: “Belə bir fakt var ki, İsveçrə şirkətlərindən birinin sahibi Frank Müller barəsində cinayət işi başlanıb. Əvvəlcə o şəxsin vətəndaşı olduğu ölkəyə müraciət edilib. Onun qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün effektiv tədbir görülmədiyindən Azərbaycanın milli qanunvericiliyi əsasında cinayət işi açılıb".

 

XİN sözçüsü Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırıldığını da deyib: “15-20 min suriyalı qaçqın Ermənistana yerləşdirilib. Onlardan yüzlərlə ailənin işğal altında olan ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var. Ermənilər isə bununla bağlı real faktları gizlədirlər”.

Müəllif | Apa.Tv
Apa.tv