Ağdamda sahibi toyda olan ev yandı
Ağdamda yaşayış evi yanıb. APA Tv-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində Etibar Quliyevə məxsus evdə qeydə alınıb.
Yanğın baş verən zaman Etibar Quliyev ailəsi ilə qohumlarının toy məclisində olub. Kəndin məktəb yaşlı uşaqları məktəbdən evə qayıdarkən evin damından tüstü çıxdığını görüblər və dərhal kənd camaatına bu barədə məlumat veriblər: "Evə gedirdik, gördük tüstü çıxır, qapı da bağlıdır. Camaata xəbər verdik, qabağımıza kim keçdi, hamısına xəbər verdik. Sonra gəldilər, onlar da yanğınsöndürənə xəbər verdilər".
Hadisə yerinə 2 yanğınsöndürən maşın və briqada cəlb olunub. Amma yanğınsöndürənlər gələnədək kənd camaatı evin qapı-pəncərəsini sındıraraq otaqlardakı əşyaların bir qismini çıxara bilib. Ev sahibləri yanğınsöndürənlər alovu genişlənmədən söndürdükdən sonra evlərinin yandığından xəbərdar olublar.
4 otaqlı evin 2-si tamamilə yansa da, yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını alıb. Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional idarəsinin mütəxəssisləri başvermə səbəbini araşdırır.