Nazir Kəmaləddin Heydərov Pakistan ordusunun nümayəndə heyəti ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

APA TV-nin xəbərinə görə, nazir Kəmaləddin Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib. O, qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən general Rəşad Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv