Jurnalistlər Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nə gördülər? - REPORTAJ

Müdafiə Nazirliyinin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin nümayəndələri nazirliyin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında yaradılan şəraitlə tanış olublar.

 

APA  TV-nin xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən təşkil olunan səfər zamanı media nümayəndələri inzibati və texniki ərazilərə baş çəkib, yaradılan şəraitlə yerində tanış olublar.

 

Müdafiə  Nazirliyinin  Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Münasib Babayev bildirib ki, bu cür bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir: “Bu bazalar müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir”.

 

Mərkəzi Əşya Bazasındakı hamam-camaşırxana kombinatının fəaliyyəti ilə tanışlıq zamanı idarə rəisi qeyd edib ki, Müdafiə Nazirliyinin  70 faiz hərbi hissələrində müasir tələblərə cavab verən stasionar və ya səhra tipli camaşırxanalar tikilərək şəxsi heyətin istifadəsinə verilib: “Burada hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil olunur. Eyni zamanda camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir".

 

Silahlı Qüvvələrin şəxsi heyətinin təminatı üçün nəzərdə tutulan əşya əmlakın etalon nümunələrinə baxış zamanı bildirilib ki, istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü ilə seçilir: "Köhnə tip əsgər çarpayıları isə müasir tipli bir və ikimərtəbəli çarpayılarla, ortopedik yataq dəstləri ilə əvəz olunub. O cümlədən şəxsi heyətin geyim və əşya ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə edilib. Gördüyünüz dəsmallar Silahlı Qüvvələrə yeni daxil edilmiş dəsmallardır. Keyfiyyəti göz qabağındadır və bütün Silahlı Qüvvələrdə tətbiq edilməkdədir. Ayaq dəsmalı ayrı, üz dəsmalı ayrı, can dəsmalı isə ayrı tətbiq edilir".

 

İdarə rəisi qeyd edib ki, Müdafiə Nazirliyinə aid olan bütün əşya-əmlak və ərzaq məhsullarının hər birinin üzərində “Satışı qadağandır” və “Müdafiə Nazirliyinə  məxsusdur” sözləri qeyd olunub”.

 

Mərkəzi Ərzaq Anbarı ilə tanışlıq zamanı deyilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin il ərzində təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan istifadə olunur: “Yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi hissələrə yola salınır”.

 

Qeyd olunub ki, yeməkxanalarda aşpaz, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması yeməklərin keyfiyyətinə müsbət təsirini göstərib: “Hazırda yeməkxanalarda milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb. Stasionar şəraitdə yerləşən hərbi hissələrdən fərqli relyefinə görə daşıma yolları çətin və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir”. 

 

Daha sonra media nümayəndələri Müdafiə Nazirliyinin rəsmiləri ilə əsgər yeməyinə dəvət olunublar. 

Müəllif | Apa.Tv