“Ehtiyacın varsa, götür, yoxdursa, as” - BAKIDA QEYRİ-ADİ XEYRİYYƏ AKSİYASI
"Bakıda qeyri-adi xeyriyyə kampaniyasına start verilib. Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif geyim əşyaları təqdim edir. Bu xeyriyyə kampaniyası bir qrup yardımsevər tərəfindən təşkil olunub və “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” şüarı altında tam təmənnasız olaraq yoxsul insanlar üçün fəaliyyət göstərir".
Artıq 1 həftədir ki, qəsəbənin mərkəzi küçəsində yerləşən bu mağazaya insan axını var. Mağaza hər gün günorta saat 14:00-dan axşam saat 17:00-dək fəaliyyət göstərir. Bu vaxt ərzində həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir. Biz də fürsətdən istifadə edib mağazaya baş çəkdik.
Vitrində ayaqqabı, aksessuarlar, bəzək əşyaları, uşaq geyimləri, yay və qız geyimləri üstünlük təşkil edir. Ölçülər də fərqlidir. Ən maraqlısı odur ki, mağaza müasir standartlara cavab verməsə də, burada yaradılan səliqə-sahman göz oxşayır. Lakin mağazanın qapısı önündəki qələbəlik bəzən təşkilatçılar üçün problem də yaşadır.
Biz ərazidə olduğumuz zaman da mağazanın qapısı önündə qələbəlik yaşanırdı. İnsanlar içəri növbə ilə buraxıldığından, gələnlərin əksəriyyəti qapı önündə gözləməli olurdu. Növbədə dayanan insanlar arasında problem yaranmasın deyə, artıq təşkilatçılar tərəfində kart tətbiq edilir.
Bu mağazaya pulsuz paltar götürmək üçün gələnlər mağazanın qarşısında toplaşaraq, növbələrinin çatmasını gözləyirlər. İçəridə olanlar isə həvəslə paltarlara baxır, kimi uşağına, kimi də özünə paltar seçir.
- Uşağım üçün gəlmişəm. İmkansızam, işləmirəm. Bu üzdən övladın internatdadır. Onun əyin başı-üçün gəldim. Özüm birtəhər keçinirəm, aksiya ilə bağlı televiziyaların birindən eşitdim. Çox savab iş görürlər, Allah köməkləri olsun!
- Özümə paltar götürməyə gəldim. Çox sağ olsun təşkilatçılar. Buzovnadan gəlmişəm.
- Şüvəlanlıyam. Yoldaşım rəhmətə gedib, üç uşaqla qalmışam. İşləmirəm. Gəlmişəm uşaqlar üçün görüm nə olar. İşləmirəm, dul qadınam, evdəyəm.
Aksiyadan yararlanmaq istəyənlər təkcə Şüvəlan qəsəbəsinin əhalisi deyil. Qonşu qəsəbələrdən, hətta rayonlardan da gələnlər var.
- Suraxanıdan gəlmişəm. İş olanda işləyirəm, fəhləyəm. Anam və bacıma kömək edirəm. İndi bura gəlmişəm həm onlara, həm də özümə geyim seçim. Özümə şalvar, anamgilə pal-paltar seçəcəyəm.
Hər kəs ehtiyacı olan paltarı götürsə də, bəzən daha çox paltar götürmək istəyənlərə də rast gəlinir:
"Dünən də, bu gün də evdən seçib, bir necə geyim əşyaları gətirmişəm. Səliqəli paltarlardır, təhvil verməyə gəlmişəm. Təşkilatçılar da çox yaxşı qarşılayır. Yəni savabdır".
Mağazanın qarşısında 15 yaşlı məktəbli oğlanla da rastlaşdıq. Elvin Abbasov Şüvəlan qəsəbəsində orta məktəblərin birində təhsil alır, deyir ki, artıq bir həftədir dərslərini hazırladıqdan sonra bura gəlir, könüllü olaraq mağaza işçilərinə yardım edir, gətirilən paltarların səliqəyə salınmasına, eyni zamanda növbələrə nəzarət edir:
"Burada çalışanlara kömək üçün gəlirəm. Hər gün demək olar ki, 350-500 adam gəlir. Gətirilən paltarları yerləşdirirəm, paltarları seçməkdə kömək edirəm. Heç bir xidmət haqqı da yoxdur. Allah yolunda etdiyim bir əməldir, savabdır".
Təşkilatçı Vüqar Hüseynov xeyriyyə aksiyasının bir həftədir davam etdiyini və insanların kütləvi şəkildə axın etdiyini deyir:
“Uşaqlarla oturduq fikirləşdik ki, belə bir addım ataq. Ehtiyacı olanlara əl tutaq. İşimizi hər gün 14.00-17.00 çalışmaqla yerinə yetiririk. Hələlik paltar verən insanlardan heç bir sənəd istəmirik, amma martın 5-dən etibarən şəxsiyyət vəsiqəsi olmadan geyim əşyaları paylamayacağıq. Elə insanlar var ki təkrarən gəlir, ehtiyacı var deyə əsirgəmirik. Allah razı olsun, gətirənlər də çoxdur, yəni bütün yaşlara uyğun nə isə tapmaq mümkündür. Gün ərzində 300-350 adam olur. Növbəni biletlə tənzimləyirik. Mal olanda hər gün işləyirik. Heç bir təşkilata heç nə ödəmirik. Kimin imkanı varsa, təkcə geyim yox, hətta məişət əşyaları belə qoya bilər".
Çəkiliş apardığımız müddətdə imkansız şəxslərlə yanaşı, zahiri görkəmi ilə də ehtiyacsız insanı xatırladan və hətta bura bahalı avtomobillərlə gələn şəxslərə də rast gəldik.
Təşkilatçı xeyriyyə aksiyasında paltar fırıldaqçılarına rast gəldiklərini təsdiq etdi. “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” şüarı altında təşkil olunan xeyriyyə aksiyasında bəzən anlaşılmazlıqların da olduğunu deyən Vüqar Hüseynov deyir ki, istənilən paltar və yaxud geyim əşyası bərabər şəkildə paylaşılmalıdır. Heç kimə fərq qoyulmur. Gətirilən paltarları bərabər şəkildə bölüşdürdüklərini bildirən müsahibimiz qeyd edib ki, bununla yaranan problemlərin qarşısını ala bilirlər. Amma bəzən fırıldaqçılar da öz əməlindən geri qalmır. Belə ki, bir şəxs bir neçə dəfə geyim əşyası götürmək istəyir. "Bu halların qarşısını almaq üçün siyahı tutulur" deyən təşkilatçı bildirir ki, hər kəsə nömrələr paylanılır, onun qarşılığında paltar verilir və dərhal nömrə həmin şəxsdən alınır.
Vüqar Hüseynovun sözlərinə görə, hazırda bu işi 5-6 nəfərlə davam etdirirlər. Çox yorğun və gərgin işlədiklərinə diqqət çəkən təşkilatçı hər gün iş vaxtlarından bir neçə saat ayırıb bu işə sərf etdiklərini də qeyd edir.
Aksiyaya qatılmaq istəyənlərin diqqətinə çatdıraq ki, geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.