Bakı-Qazax avtomobil yolunda yeni yol hissəsi salınıb

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 metr uzunluğunda, 12,5 metr enində yeni yol hissəsi salınıb.

 

“Azəryolservis”dən APA TV-yə verilən məlumata görə, geri dönmə üçün nəzərdə tutulmuş yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 metr dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək tikilib. Ümumilikdə 6450 kv. m sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 metr enində çiyinlər də tikilib.

 

Daha sonra 4750 kv. m sahəyə 2 qat olmaqla 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 metr enində genişləndirilib və yol ayrıcında 2200 kv. m sahədə iki təhlükəsizlik adacığı tikilib, buraya yeni asfalt-beton örtüyü döşənib.

 

Texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılmış tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolayrıcına əyri xətli dəmir tirlər quraşdırılıb, hərəkətin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv