ABŞ Konqresi Əsəd rejiminin cinayətləri ilə bağlı tribunal yaradılmasını tələb edir

ABŞ Konqresi Bəşər Əsəd rejimi üçün təhlükəli qərar qəbul edib. APA TV-nin xəbərinə görə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunan qərar Suriyada rejim və müttəfiqlərinin törətdikləri müharibə cinayətləri ilə bağlı məhkəmə qurulmasını tələb edir.

 

Respublikaçı Kristofer Smit tərəfindən hazırlanan layihədə Əsəd rejimi başda olmaqla onun müttəfiqləri və müharibənin digər tərəflərinin törətdiyi cinayətlər "insanlığa qarşı törədilən cinayət" kimi qeyd olunur. Bu cinayəti törədənlərin mühakimə olunması üçün məhkəmənin yaradılması tələb olunur.

 

Layihədə Əsəd rejiminin mülki şəxsləri hədəfə alan hücumlarının dayandırılması, eyni zamanda ABŞ və müttəfiqlərinin ehtiyac sahiblərinə yardımların tez və düzgün formada çatdırılmasını zəmanət altına alınması istənilir.

 

Eyni zamanda İŞİD terror təşkilatının həyata keçirdiyi hücumların "soyqırımı" olaraq qiymətləndirilməsini istəyən qərar da qəbul edilib. Respublikaçı Cef Fortenberrinin layihəsində İŞİD-in xristianlara, yezidi kürdlərə, türkmənlərə və digər dini-etnik azlıqlara qarşı hücumları "müharibə cinayəti", "insanlığa qarşı cinayət", "soyqırımı" kimi tanınır.

Müəllif | Apa.Tv
Apa.tv