Seçki günü Mətbuat Şurasının “qaynar xətti” fəaliyyət göstərəcək

Seçkilər günü Mətbuat Şurası özünün "qaynar xətti"ni yaradacaq. APA TV-nin məlumatına görə, mətbuat Şurasının sədri Əflatun Amaşov "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda keçirilən konfransda bildirib ki, ölkənin bütün regionlarından jurnalistlər qarşılaşdıqları problemlərlə bağlı həmin "qaynar xətt"ə zəng edə biləcəklər. O, qeyd edib ki, keçirilən aksiyalarda, mitinqlərdə jurnalist-polis münasibətlərinin aydınlaşdırılması üçün monitorinq qrupu da yaradılıb. Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə bildirib ki, seçki prosesində mətbuatın iştirakı vacibdir. Onun sözlərinə görə, seçkilərdə müşahidəçinin müşahidə aparmaqdan başqa heç bir hüququ - kiməsə təzyiq göstərmək, mübahisə etmək hüququ yoxdur. İstər yerli, istərsə də beynəlxalq müşahidəçi aşkar etdiyi qanunsuzluq faktı ilə bağlı yalnız öz mərkəzinə məlumat verməlidir və bunu ictimailəşdirməyə ixtiyarı yoxdur. Azərbaycanın bir neçə ildir ki, uğurlu seçki təcrübəsinə yiyələndiyini deyən Natiq Məmmədov deyib ki, ölkəmiz seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf şəkildə keçirilməsi üçün öhdəsinə düşən bütün işləri görür. MSK üzvü Azər Tağıyev isə vurğulayıb ki, müşahidə zamanı aşkarlanan pozuntularla bağlı KİV nümayəndəsi MSK sədrinə müraciət etməlidir.
 

Müəllif | Apa.Tv