Zaqatalada maşın aşdı: yaralılar var

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

 

Rayonun Yuxarı Çardaqlar kənd sakini, 1979-cu il təvəllüdlü Həbib İmamrza oğlu Davudov idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90 HO 713 dövlət nömrə nişanlı minik avtomobili Aşağı Çardaqlar kəndi istiqamətində hərəkətdə olarkən texniki nasazlıq səbəbindən yolun kənarına aşıb.

 

Qəza nəticəsində sürücü Həbib Davudov yara almasa da, avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - 1986-cı il təvəllüdlü Zaur Xizri oğlu Ərtilov və 1977-ci il təvəllüdlü Eldar Ramazan oğlu Qədirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, yaralılar xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov