Bakıda tutulan türkiyəli kibercinayətkar: "Mənə 10 faiz pul çatacaqdı..."
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət dəstə əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta “ucuzsepet.com” veb saytını yaradıblar.
Saxlanılan Mesut Uzunöz törətdiyi cinayəti etiraf edib: "Türkiyə vətəndaşlarının xəbəri olmadan kartlarındakı pullar ucuzsepet.com saytından Azərbaycandakı ucuzsepet.com MMC-nin hesabına pullar oğurlanaraq köçürülürdü. Bu proseslər real proseslər deyildi, "feyk" proseslər idi. Burda edilən dövriyyənin də pulu burdan çıxarılaraq Türkiyəyə geri qaytarılırdı. Bu işdən də 10 faiz mənə çatacaqdı".
Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib. Bununla da saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54 732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.