Azərbaycanda səhiyyə sahəsində mövcud olan qanunlardan biri ləğv edilir
Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.
APA TV-nin məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Komitənin sədri akademik Əhliman Əmiraslanov deyib ki, bununla əlaqədar “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb: "Layihəyə görə, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq, icbari qaydada sığorta ediləcəklər".
Qeyd edək ki, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
İclasda həm də “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihəsinə dəyişikliyin edilməsi təklif edilib. Yeni layihəyə əsasən, tibb işçiləri öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunacaqlar.
Toplantıda “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında qanunun ləğv edilməsi təklif edilib.
İclasda qeyd edilən layihələr qəbul edilərək, Milli Məclisin plenar iclasına tövsiyə edilib.