Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Lənkəranda olub
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç Lənkəranda səfərdə olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşən qonaq Lənkəranla bağlı ilk təəssüratını bölüşərək rayonun təbiətinə, insanların səmimiliyinə heyran qaldığını ifadə edib.
Lənkəranda turizm üçün böyük imkanların olduğunu xüsusi vurğulayan Draqana Filipoviç bildirib ki, Avropa Şurası Bakı ofisinin Azərbaycanda həyata keçirəcəyi 3 layihədən biri məhz Lənkəranda reallaşacaq. Ədliyyə Nazirliyi ilə birgə keçiriləcək layihədə əsas məqsəd ölkədə hüquqşünasların təcrübə mübadiləsinə və peşəkarlıqlarının artırılmasına xidmət edəcək.
Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov qonağa Lənkəranın tarixi, coğrafi mövqeyi, təbii sərvətləri, burda yaşayan milli azlıqlar və etnik qruplar, onların həyat şəraiti barədə ətraflı məlumat verərək, rayonun 90 məktəbində talış dilinin tədris olunduğunu, bu dildə bədii ədəbiyyat nümunələrinin yaradıldığını diqqətə çatdırıb.
Səfər çərçivəsində qonaq rayonun gəzməli yerləri ilə də tanış olub.