83 yaşlı qadın 88 yaşlı ərindən polisə şikayət edibmiş - PİRALLAHIDAKI QƏTLİN TƏFƏRRÜATI

Bakının Pirallahı qəsəbəsində ahıl yaşlı ər və arvadın ölümünün bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə barədə Pirallahı Rayon Polis İdarəsinə qonşular və mərhumların ailə üzvləri məlumat veriblər.

 

Çoxsaylı zənglərə cavab verməyən mənzil sahibləri barədə polis məlumatlanan kimi hadisə yerinə yollanıb. Mənzilə daxil olan polis rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitlərini aşkar edib. Qadının baş nahiyəsində küt alətlə yetirilən xəsarət izi aşkar edilib. Hacı Əmirovun meyiti isə oturduğu stulda aşkar edilib.

 

Əmirovun bədənində xəsarətlər aşkar edilmədiyindən, ilkin versiyaya görə, qadına xəsarətin həyat yoldaşı tərəfindən yetirildiyi güman edilir. Ehtimala görə, kişi ilə qadın mübahisə ediblər. Daha sonra kişi qadına çaydanla baş nahiyəsindən xəsarət yetirib. Qadının öldüyünü görən Əmirovun ürək tutmasından öldüyü güman edilir.

 

Qeyd edək ki, Sona Əmirova fevralın 18-də Pirallahı Rayon Polis İdarəsinə həyat yoldaşı tərəfindən döyülməsi faktı ilə bağlı yazılı müraciət edibmiş.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv