Zeynal Nağdəliyevdən sərt açıqlama: "O başçılar Prezidentin etibarını itiriblər"
Bu gün Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
Mövcud kadr dəyişikliyinin əsas səbəbini AzərTAc və APA-ya şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: "Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər".
Z.Nağdəliyevin fikrinə görə, Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.