Məktəbləri soyan dəstənin başçısı: "Bir məktəbdən 2500, o birisindən 180 manat götürüb çıxdıq"
Abşeron rayonunda orta məktəblərdən oğurluq edənlər həbs olunublar.
APA TV-nin xəbərinə görə, 23 yaşlı Mülkədar Rəhimovun rəhbərlik etdiyi dəstə üzvləri cinayət əməllərini etiraf ediblər: "Bir məktəbə girdik, noutbuk çıxdı. 2 saylı məktəbə girdik, seyfi aça bilmədik, oradan da noutbuk götürdük. Bir məktəbə girdik, ordan 2500, o birisindən 180 manat götürüb çıxdıq aradan".
Abşeron polisi tərəfindən saxlanılan dostların ümumilikdə 7 cinayətinin üstü açılıb. Çayxanada görüşən dostlar pul qazanmağın yolların axtarıblar. Mülkədar Əkbər və Namiqə məktəbdən oğurluq etməyi təklif edib, onlar da razılaşıblar. Oğurluqlar əsasən gecə saatlarında həyata keçirilib. Hədəf isə orta məktəb direktorlarının otaqları olub.
Oğurlanan pullar Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənov arasında əvvəl tən bölünüb. Sonralar isə Mülkədar özü məsləhət bildiyi pulu dəstə üzvlərinə verirmiş. Dəstənin Sumqayıt şəhəri ərazisində də məktəblərə daxil olduğu bildirilir.