Kürdəmirdə qoyun oğruları tutuldu
Ötən gün 100-dən artıq xırda buynuzlu heyvanı oğurlayan Şamaxı rayon sakinləri Kürdəmirdə tutulublar.
APA TV-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonun Qarabucaq kənd sakini Dilarə Mehdiyeva rayon polis şöbəsinə xırda buynuzlu heyvanlarının oğurlanması barədə yazılı müraciət edib.
Müraciət əsasında Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakinləri Zaur Xancanov, Adil Dəmirov və Mehman Gülməmmədov tutulublar. İlkin dindirmə zamanı məlum olub ki, tutulan şəxslər Qarabucaq kənd sakini D.Mehdiyevanın həyətindəki tövlədən 8 baş qoyunu oğurlayaraq, Mehman Gülməmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şamaxı rayonuna aparıb və orada Qəşəm adlı şəxsə 325 manata satıblar. Həmin qoyunlardan 6-sı geri alınaraq sahibinə qaytarılıb.
Araşdırma zamanı tutulan şəxslərin həmin kənd sakinləri Mahmud və Rəşad Mehdiyevlərin də həyətyanı tövləsindən 3 baş quzunu da oğurlayaraq tanımadıqları şəxsə satdıqları məlum olub.
Dəstə üzvləri Kürdəmir rayonu ilə yanaşı, qonşu Şamaxı, Ağsu, Göyçay və Salyan rayonlarında da müxtəlif şəxslərə məxsus ümumilikdə 100-dən artıq xırda buynuzlu heyvanı oğurlayaraq, Şamaxı və Salyan rayonlarına apararaq orada satıblar.
Araşdırma davam etdirilir.