ABŞ aviadaşıyıcısı Çin sahillərində - BÖLGƏDƏ GƏRGİNLİK ARTIR

ABŞ-ın "John C.Stennis" aviadaşıyıcısı hərbi gəmi eskadrasının köməyilə Cənubi Çin dənizinə daxil olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Pentaqon dəfələrlə Pekini bu regionun hərbiləşdirilməsində və silah sistemlərinin mübahisəli adalarda yerləşdirilməsində ittiham edib.


Eksadranın tərkibinə iki kreyser və iki xüsusi gəmi də daxildir. Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının nümayəndəsi Kley Doss açıqlamasında bu addımın prosedur qaydalarına uyğun olaraq həyata keçirildiyini bildirib.


"Hərbi gəmi və təyyarələrimiz onilliklər boyunca Cənubi Çin dənizi də daxil olmaqla, Sakit okeanın qərb sahillərində prosedur qaydalarına uyğun olaraq bəzi tədbirlər həyata keçirir. Təkcə 2015-ci il ərzində Sakit okean donanmasına məxsus gəmilər bu ərazilərdə ümumilikdə 700 gün boyunca mövcud olub", - deyə o əlavə edib.


Bununla belə, Amerikanın Təhlükəsizliyi üzrə Vaşinqton Mərkəzinin eksperti Cerri Hendriks hərbi gəmilərin Cənubi Çin dənizinə daxil olmasını əzələ nümayişi və Pekinə açıq siqnal kimi dəyərləndirib: "Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi regionda hərbi iştiraka iddialı olduğunu açıq şəkildə nümayiş etdirdiyi aydındır".


Aylardır Cənubi Çin dənizində yerləşən mübahisəli ərazi Birləşmiş Ştatlarla Çin arasında gərginlik mənbəyinə çevrilib. Vaşinqton mübahisəli ərazilərdə süni adalar inşa edən Pekini dənizin hərbiləşdirilməsində ittiham edir. İlk növbədə söhbət Parasel və Spartli adalarından gedir. Sözü gedən adalar bir neçə ölkə arasında mübahisə predmetidir. Belə ki, Vyetnam, Filippin, Malayziya, Tayvan və Bruney bu adalara ərazi iddiası irəli sürüb. Beynəlxalq qanunvericiliyə əsasən, dəniz sahilindən təqribən 20 kilometr məsafədə yerləşən sahə dövlət ərazi suları hesab olunur.


Lakin Vaşinqtonda bu normanın süni adalara şamil olunmadığı qənaətindədirlər. Hələ fevral ayında ABŞ və Tayvan Çin tərəfindən burada yerləşən süni adalardan birində "Yer-Hava" tipli müasir raket sistemlərinin yerləşdirildiyini bildirib.


Tayvanın müdafiə naziri general-mayor Devid Lo raket kompleksinin Parasel adasının bir hissəsi olan Vudi adasına yerləşdirildiyini açıqlayıb. Bu sistemlərin yerləşdirilməsi sonradan ABŞ Müdafiə Nazirliyindəki mənbə tərəfindən də təsdiqlənib.

Müəllif | Apa.Tv
Apa.tv