Qaxda ər evindən qaçan gəlin tapıldı

Qaxda ər evindən  qaçan, bir övlad anası olan 28 yaşlı gəlin ata evinə dönüb. APA TV-nin yerli bürosunun məlumatına görə, Qax rayonunun Ləkit-Malax kəndində doğulan, rayonun Çinarlı kəndinə gəlin köçən 1988-ci il təvəllüdlü Aygün Məhəmməd qızı Şahmuradovanın 8 gün ərzində Sumqayıt şəhərində olması məlum olub.

 

Evdən qaçan Aygün Şahmuradovanın sözlərinə görə, fevralın 24-də qayınatası onu  Qax şəhərinə aparıb. Qayınatasından ayrıldıqdan sonra Aygün Qax şəhərindən birbaşa Qax-Zaqatala marşrutu ilə Zaqatala şəhərinə gedib. Zaqatalada qızıl üzüyünü satan Aygün daha sonra Zaqatala-Bakı avtobusuna minərək Bakı şəhərinə gedib. Bakıda "20 Yanvar" dairəsi deyilən ərazidən taksi vasitəsilə Sumqayıt şəhərinə gedən Aygün heç kimlə qoşulub qaçmadığını və heç bir oğlanla bir evdə yaşamadığını bildirir.

 

Onun sözlərinə görə, Sumqayıtda bir qadının evində Gəncə sakini adı ilə kirayənişin qalıb. Yalnız martın 2-də onunla bağlı televiziyada təqdim olunan süjetdən sonra ev sahibəsi işin əslini bilib: "Bundan sonra mən evimə qayıtmağı qərara almışam. Bütün bunlara səbəb isə ailə həyatı qurduğum evdə son zamanlar problemlər yaşamağımdır. Qayınatam və qayınanamla yola getmirdim, artıq evdə sıxılırdım. Həyat yoldaşım da mənim tərəfimi tutmadığına görə bu addımı atdım. Əslində həyat yoldaşım sakit adamdır və bu günə qədər aramızda böyük bir problem olmayıb. Dörd yaşlı oğlumdan imtina etməmişəm, uşağı da öz yanımda saxlamaq istəyirəm. İndi daha ər evində deyil, öz anamın, qardaşımın yanında qalacağam. Evdən gedərkən mobil telefonum üzərimdə olub, Zaqatala şəhərində köhnə mobil nömrəmi qırıb atmışam və yeni nömrə almışam. Evdən getdiyim müddətdə bir dəfə gizli nömrədən həyat yoldaşıma zəng edərək artıq dönməyəcəyimi bildirmişəm. O da bilirdi ki, mən artıq bezmişəm, o evə qayıtmayacağam".

Müəllif | Apa.Tv
Vüqar Heydərov