Aydın Əliyev Cəlilabadda vətəndaşları qəbul edib
Martın 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, malların idxal ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə tabeliyindəki strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşlar tərəfindən qəbul prosesi zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.