"Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycana aid izləri silməyə çalışır"

“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudiyyətini gücləndirməkdə davam edir”. 

APA TV-nin məlumatına görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev Ermənistan xarici işlər nazirinin BMT Baş Assambleyasının 68-ci sessiyasının ümumi müzakirələrindəki çıxışına cavab olaraq, yaydığı bəyanatda bildirib.    

 

Bəyanatda deyilir ki, Ermənistan təcavüzkarlıq, düşmənçilik, nifrət, yalan və saxtakarlıq siyasətini davam etdirir: “Ermənistan xarici işlər naziri o qədər şövqə gəlib ki, hətta Azərbaycanı təcavüzdə ittiham edib. Ancaq deməli idi ki, Təhlükəsizlik Şurası qəbul etdiyi 4 qətnamədə nəinki Azərbaycanın “təcavüzünə” işarə vurmayıb, əksinə, Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını pisləyib”. 

Tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə toxunan T. Musayev xatırladıb ki, Ermənistan təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını şüurlu şəkildə inkar etməyə davam edir, işğal altındakı ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə və Azərbaycana aid tarixi-mədəni izləri silməyə səy göstərir. Ermənistan Dağlıq Qarabağın iki icması arasında birbaşa təmasların əleyhinə çıxır. 

T. Musayevin sözlərinə görə, atəşkəsin müntəzəm pozulması və Ermənistan ordusu tərəfindən dinc azərbaycanlı sakinlərin və mülki obyektlərin hədəf alınması son vaxtlar daha tez-tez baş verir və cəbhə xətti yaxınlığında yaşayanların ölümünə və yaralanmasına səbəb  olur.  

 Azərbaycanlı diplomat sonda qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini inkar edən, ATƏT-in himayəsi ilə sülhün təmin olunmasına yönəlmiş səylərə saymazyana yanaşan, Azərbaycan ərazilərinin işğalını davam etdirən, azərbaycanlı qaçqın və məcburi köçkünləri insan hüquqlarından məhrum edən, beynəlxalq hüququn norma və prinsiplərini təhrif edən Ermənistan regional və beynəlxalq sülhə və təhlükəsizliyə əslində kimin təhlükə törətdiyini aydın şəkildə nümayiş etdirir.   

 

Müəllif | Apa.Tv