Qəbələdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə konfransda “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması və onların sülh, firavan şəraitdə birgə yaşaması ilə demokratiyanın beşiyi olan qərb ölkələri üçün nümunə kimi çıxış edir. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbət və təqdirlə qarşılanır.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili məruzə ilə çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, Qəbələ rayonunda mövcud olan müxtəlif xalqların birgəyaşayış ənənələri dünyada az-az təsadüf olunan ən demokratik multikulturalizm modelinin gözəl nümunəsi və təzahürüdür. Burada milli mənsubiyyətindən asıllı olmayaraq hamı bayram, yaxud hüznlü günlərdə birlikdə olur, dini və milli mənsubiyyətinə görə biri-digərinə fərq qoymur, vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər tədris olunur.
Tədbirin sonunda Qəbələnin etnik-folklor qruplarının ifasında konsert təqdim edilib.