Elman Mehdiyev: "Pensiyaçıların adekvat gəlir əldə edə bilməsi təmin olunmalıdır"

Bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin iştirakı və "Caspian European Club"un təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycanda pensiya yığım planlarının tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

 

APA TV-nin xəbərinə görə, biznes-forumda çıxış edən DSMF sədri bildirib ki, pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirir.

 

Onun sözlərinə görə, Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır. Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamətlərindən birini təşkil edir.

  

Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təklifləri və “Caspian European Club” üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.

 

Biznes-forumda çıxış edən “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı “Caspian European Club” üzvlərinin təklif və xahişlərinə göstərilən diqqətə görə E.Mehdiyevə təşəkkürünü bildirib.

Müəllif | Apa.Tv
Almaz Qasımova