Milli Məclis Konstitusiya Qanununa dəyişiklik etdi

Azərbaycan Milli Məclisinin plenar iclası keçirilib. APA TV-nın məlumatına görə, iclas spiker Oqtay Əsədov tərəfindən açıq elan edildikdən sonra gündəliyin müzakirəsinə başlanıb.

 

İclasın gündəliyinə ümumilikdə 43 məsələ daxil edilib. O.Əsədov ilk olaraq 24 məsələdən ibarət olan Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paketi müzakirəyə təqdim edib.

 

Daha sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə layihə haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

Komitə sədri deyib ki, dövlət başçısının qərarı ilə Maliyyə Bazarına Nəzarət Palatası yaradılıb. Onun sözlərinə görə, Mülki Məcəlləyə edilən dəyişikliklər də eyni xarakter daşıyır: “Bu dəyişikliklər yaradılan yeni qurumun səlahiyyətləri ilə bağlıdır. Həmçinin “Publik hüquqi şəxslər haqqında” qanuna da dəyişikliklər bununla əlaqədardır. İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər eyni məqsədlə edilir. Dispozisiyada müvafiq icra orqanının adı dəyişdirilir. "Mərkəzi Bank" sözü yeni yaradılan qurumun adı ilə dəyişdirilir. Dəyişikliklər sənədlərin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlıdır”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında danışarkən deyib ki, Vergi Məcəlləsinin müvafiq maddələrində maliyyə bazarlarına nəzarət məsələsi öz əksini tapıb. Onun sözlərinə görə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” qanunlara dəyişikliklər yeni yaradılan Maliyyə Bazarlarına Nəzarəti Palatası ilə bağlıdır.

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı qeyd edib ki, prezidentin qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb: “Bununla bağlı müvafiq işçi qrupu yaradılıb. Palatanın mandatı, fəaliyyət sferası, tənzimləmə prosesi açıqlanıb. Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək".

 

İşçi Qrupunun rəhbəri əlavə edib ki, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

 

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı