Deputat Azərbaycanda kazinoların fəaliyyətinin bərpa olunmasını təklif etdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib.
APA TV-nin məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Gənclər və idman komitəsinin sədri Fuad Muradov qanun layihələrinə dəyişikliklərlə bağlı məlumat verib.
Qeyd olunub ki, ötən gün Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi aparılıb.
Milli Məclisin bəzi deputatlarının mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyindən alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə bağlı etirazı nəzərə alınıb.
Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, millət vəkillərinin etirazları nəzərə alınaraq parlament rəhbərliyinə müraciət olunub: "Parlament rəhbərliyi də qanunvericilik təşəbbüsü subyektinə müraciət edib və məsələ əvvəlki qaydada qalıb. Yəni oyunlardan əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət nazirliyin, az qismi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə verilib".
Millət vəkili Qüdrət Həsənquliyev məsələ ilə bağlı fikirlərini açıqlayıb: “Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, turistlər üçün açıqdır. Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar. Yəni Azərbaycan vətəndaşları üçün kazinolar qadağan, əcnəbilər üçünsə açıq olarsa, bundan ölkə büdcəsi də xeyli qazanc əldə edə bilər”.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, əvvəllər qeyri-rəsmi şəkildə bəzi yerlərdə mərc oyunları həyata keçirilirdi, bəzi insanlar qruplar şəklində pul yığırdılar: “Amma oradan dövlətə heç bir vergi gəlmirdi. Bu, ayrı-ayrı şəxslərin varlanmasına gətirib çıxarırdı. Qanuna edilən dəyişikliklə bunun qarşısını alırıq”.
Millət vəkili Vahid Əhmədov bank sistemi ilə bağlı islahatların vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi bağlı tez zamanda həllini tapmalıdır.
Sonda Vergilər və Mülki Məcəllələrə, İnzibati Xətalar Məcəlləsinə, "Mərkəzi Bank haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "Lotereyalar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" qanunlara və digər qanunlara dəyişikliklər qəbul edilib.